
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarından sonra səkkiz ukraynalı uşağın ailələrinə qovuşduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, “Associated Press” onun sözlərini sitat gətirir.
Melaniyanın sözlərinə görə, Putin avqustda ona göndərdiyi uşaqlarla bağlı məktubuna cavab verib və bundan sonra onlar ukraynalı uşaqların geri qaytarılması ilə bağlı açıq ünsiyyət kanalı yaradıblar.
Birinci xanımın sözlərinə görə, onun nümayəndəsi uşaqların ailələri ilə təhlükəsiz birləşməsini təmin etmək üçün birbaşa prezident Putinin komandası ilə işləyir:
“Biz bu müharibədə iştirak edən bütün insanların rifahı üçün birgə işləməyə razılaşdıq”.
KİV-də bildirilib ki, son 24 saat ərzində səkkiz uşaq Ukraynaya qaytarılıb.
Xatırladaq ki, avqustun ortalarında Melaniya Tramp Rusiyaya aparılan ukraynalı uşaqların vəziyyətini işıqlandıran şəxsi məktub yazıb. Tramp məktubu Alyaskada danışıqlar zamanı şəxsən Putinə çatdırıb. “Fox News” daha sonra ABŞ prezidentinin həyat yoldaşının məktubunu dərc edib.