
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə böhran deyil, “məlum səbəblərdən emosiyalar böhranı” müşahidə olunub.
Yeniavaz.com “İnterfax”a istinadən xəbər verir ki, Putin bunu Düşənbədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında dövlətlərarası münasibətlərdə böhrandan danışmaq düzgün olmazdı:
“Bilirsiniz, mən hətta deməzdim ki, dövlətlərarası münasibətlərdə hansısa böhranımız var idi. Niyə? Əgər bu, dövlətlərarası münasibətlərdə böhran olsaydı, o zaman biz ticarət-iqtisadi əlaqələrdə artım görməzdik. Gördüyümüz və yaşadığımız hər şeyə baxmayaraq, artım, əhəmiyyətli artım davam etdi. Bu, dövlətlərarası münasibətlərdə hansı böhrandır? Mən deyərdim ki, bu, çox güman ki, “emosiyalar böhranı” idi”.
Putin qeyd edib ki, bu vəziyyətin səbəbini başa düşmək olar, çünki tərəflər çox çətin və faciəvi bir hadisə – Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması və sərnişinlərin itkisi ilə üzləşiblər.
“Biz çox mürəkkəb texniki ekspertizalar keçirməli olduq. Bunu sakit şəkildə, tələsmədən həll etməli idik və bu da müəyyən vaxt tələb edirdi”, — deyə Rusiya prezidenti vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq artıq yekunlaşmaq üzrədir:
“Ümumilikdə, hər şey aydındır. Mütəxəssislərin buna uyğun rəsmiləşdirməli olduğu başqa detallar, incəliklər də ola bilər”.
Putin həmçinin bildirib ki, Rusiya və Azərbaycan münasibətlərində yaranmış gərginlik aradan qalxıb və ölkələr bundan sonra da əməkdaşlığı inkişaf etdirməyə davam edəcəklər:
“Ümid edirəm ki, biz bu səhifəni vərəqləmişik, irəliləyəcəyik və heç bir çətinliyə yol vermədən əlaqələrimizi inkişaf etdirəcəyik. Hər iki ölkənin logistika, sənaye və humanitar sahədə həyata keçirməyi planlaşdırdığı iddialı layihələr var”.
Xatırladaq ki, ötən gün Düşənbədə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı Rusiya lideri Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə məlumat verib.
Murad Məmmədov