
İsrail ordusu Qəzza zolağına hava hücumlarını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bu İsrail hökumətinin atəşkəs razılaşmasını təsdiqlədikdən sonra baş verib.
Qeyd edək ki, cümə axşamı gecə ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS nümayəndələrinin Misirdəki danışıqlardan sonra sülh planının birinci fazası ilə bağlı saziş imzaladığını açıqlayıb. Onun sözlərinə görə, bu mərhələ bütün girovların mümkün qədər tez azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağı daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.
Girovların azad edilməsi müqabilində İsrail hakimiyyəti fələstinli məhbusların böyük bir qrupunu azad etməyi öhdəsinə götürüb.
Digər tərəfdən, oktyabrın 9-da axşam saatlarında İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan keçirdiyi brifinqdə Qəzza zolağında atəşkəsin İsrail Nazirlər Kabinetinin bu razılaşmaları təsdiqləməsindən sonra 24 saat ərzində qüvvəyə minəcəyini açıqlayıb. Bu zaman İsrail qoşunları Qəzzanın mərkəzindən çəkiləcək və zolaq daxilində razılaşdırılmış xəttə yerləşdiriləcək. Ancaq anklav ərazisinin 53%-i İsrailin hərbi nəzarəti altında qalacaq.
Onun sözlərinə görə, daha sonra bütün israilli girovların İsrailə qaytarılacağı 72 saatlıq bir pəncərə açılacaq və bu, böyük ehtimalla oktyabrın 13-də baş verəcək.