“Qocalar evi”ndə yaşamaq üçün kimlər müraciət edə bilər? – Şərtlər və qaydalar


Məlum olduğu kimi, hazırda Azərbaycanda insanlar arasında “Qocalar evi” kimi tanınan Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsi yaşlı və himayəsiz şəxslərin sığınacağı rolunu oynayır.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycandakı yeganə “Qocalar evi” Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərir. 
Bəs “Qocalar evi”ndə yaşamaq üçün kimlər müraciət edə bilər və əsas şərtlər nələrdir?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Sərvər Abdullayev bildirib ki, Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə qəbulun müəyyən şərtləri var:
“Yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünə qulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir”.
Sərvər Abdullayev həmçinin qocalar evinə müraciət qaydası haqqında da məlumat verib:
“Qəbul şəxslərin, onların qohumlarının, qanuni nümayəndələrinin (qəyyumu, himayəçisi), bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının Sosial Xidmətlər Agentliyinin filialları və ya “DOST” mərkəzlərinə ərizəsi ilə həyata keçirilir”.
Onun sözlərinə görə, hazırda müəsissədə 230 ahıl dövlət himayəsində yaşayır:
“Onlardan 118-i kişi, 112-si qadındır. Bu ilin ötən dövründə ümumilikdə 57 nəfər bu müəssisəyə yerləşdirilib”.
Sərvər Abdullayev ahıllar üçün sosial xidmət müəssisəsində mövcud şəraitlə bağlı da məlumat verib:
“Prezident İlham Əliyevin ahıl insanlara xüsusi qayğısının daha bir təzahürü kimi, son illərdə bu sosial xidmət müəssisəsində müasir tələblərə uyğun şərait yaradılıb. Burada 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Müəsissədə hər bir otaq lazımi məişət avadanlıqları, o cümlədən soyuducu, televizor və s. ilə təmin olunub. Burada kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və s. ahılların istifadəsindədir”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top