
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə planlaşdırdığı səfər çərçivəsində Qəzza zolağına səfər edəcəyini istisna etməyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə oktyabrın 8-də Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
“Yəqin ki, səfər edə bilərəm. Biz hələ yekun qərar verməmişik. İlk nıvbədə mən Misirə gedəcəyəm. Hazırda hamı orada toplaşıb”, - deyə Amerika lideri Fələstin anklavına səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən qeyd edib.
Dəqiqləşdirmə tələb olunduqda isə Tramp qeyd edib ki, Fələstinin HƏMAS hərəkatı tərəfindən girovların azad edilməsi onun regiona səfəri üçün ilkin şərt deyil.
O, həmçinin qeyd edib ki, tərəflər Qəzza zolağında vəziyyətin nizamlanması üzrə razılaşmaya çox yaxındır.
Digər tərəfdən, İsrail gələn həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampın mümkün səfərinə hazırlaşır.
Bu barədə çərşənbə günü CNN telekanalı İsrail rəsmisinə istinadla məlumat yayıb.
Trampın özü oktyabrın 11 və ya 12-də Yaxın Şərqə səfər edəcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edəcəyini dəqiqləşdirməyib. “Axios” portalı isə qeyd edib ki, Ağ Ev rəhbəri İsrailin Baş naziri Binyamin Netanyahunun dəvəti ilə İsrail parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir.
Tətbiqimizi yükləyə bilərsiniz