Aİ ölkələrinin səfirləri İran XİN-ə çağırıldı


Avropa İttifaqına (Aİ) üzv ölkələrin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançiyə istinadla “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, səfirlər Avropa İttifaqının Fars körfəzi məsələsinə müdaxiləçi mövqeyinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Rəvançi Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Aİ xarici işlər nazirlərinin birgə bəyanatını əsassız adlandırıb və Avropa səfirlərinə bu məsələdə İran dövlətinin kəskin etirazını bildirib. O, bəyanatda yer alan iddiaların İranın suverenliyinə qarşı olduğunu qeyd edib.
Təxt Rəvançi həmçinin, İranın Fars körfəzində yerləşən Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları üzərində İranın mütləq suverenliyini ifadə edərək, Aİ-nin KƏŞ üzvü olan dövlətin əsassız iddialarını dəstəkləməsini pisləyib.
Aİ-nin İranın raket proqramı ilə bağlı şərhlərini İranın daxili işlərinə açıq-aşkar müdaxilə adlandıran Təxt Rəvançi İranın öz müdafiə qabiliyyətinin, o cümlədən raket gücünün özünümüdafiə hüququnun ayrılmaz bir hissəsi olduğunu qeyd edib və bunu regional sabitliyin və təhlükəsizliyin təminatı kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top