
Fələstinin HƏMAS hərəkatı İsraildən Qəzza liderləri Yəhya Sinvar və qardaşı Məhəmməd Sinvarın cəsədlərini qaytarmağı tələb edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin “Maan” xəbər agentliyi məlumat verib.
Məlumata görə, HƏMAS nümayəndələri Misirdə Qəzza ilə bağlı məsləhətləşmələr zamanı girovların dəyişdirilməsi sazişinə Yəhya Sinvar və onun kiçik qardaşı Məhəmməd Sinvarın cəsədlərinin təhvil verilməsi öhdəliyinin də daxil edilməsini tələb ediblər.
Qeyd edək ki, İsrail son vaxtlara qədər Yəhya Sinvarı “terrorizmin simvolu” hesab edərək onun cəsədini qaytarmaqdan qəti şəkildə imtina edirdi.
Xatırladaq ki, Yəhya Sinvar 2017-ci ildən Qəzza zolağında HƏMAS-a rəhbərlik edib. 6 avqust 2024-cü ildə Tehranda HƏMAS-ın əvvəlki lideri İsmayıl Haniyənin öldürülməsindən sonra hərəkatın siyasi bürosunun rəhbəri seçilib.
Oktyabrın 16-da Sinvar Qəzzanın cənubunda İsrail qüvvələri tərəfindən öldürülüb. İsrail Sinvarı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail ərazisinə etdiyi hücumun əsas təşkilatçılarından biri hesab edirdi. Onun kiçik qardaşı Məhəmməd Sinvar isə İsrailə görə, HƏMAS-ın hərbi qanadının rəhbəri olub. O, may ayında Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz