
Bu həftə qızıl bazarlarında tarixi hadisə baş verib – dekabr fyuçerslərinin qiyməti ilk dəfə bir unsiya üçün 4000 dolları (bir qram 129 dollar) ötüb.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg” və “Reuters” agentliklərinin məlumatına görə, qiymət artımı bir neçə əsas amillə əlaqələndirilir.
Bildirilir ki, əsas amillər ABŞ-də hökumətin fəaliyyətinin dayandırılması təhlükəsi, Fransada yeni baş nazir Sebastien Lekornunun istefası ilə yaranan siyasi böhran, həmçinin mərkəzi bankların və iri investorların qızıla marağının artması ilə bağlıdır.
“Goldman Sachs” analitikləri 2026-cı ilin sonuna qədər qızılın qiymətinin unsiya üçün 4900 dollara yüksələcəyini proqnozlaşdırırlar. Onların fikrincə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimləri və mərkəzi bankların alışlarının artması qiymətləri dəstəkləyəcək.
“Go Invest”in analitikləri qeyd edir ki, faiz dərəcələrinin azaldılması qızılı daha cəlbedici edir, çünki investorlar istiqrazların azalan gəlirliliyindən qorunmaq üçün alternativ axtarırlar.
“General Invest”dən isə bildirilir ki, inflyasiya proqnozlarının yüksək qalması qızıl üçün ideal mühit yaradır.
“Ingo Bank”ın analitikləri vurğulayır ki, Çin, Hindistan, Türkiyə və BRİKS ölkələri ehtiyatlarını qızılla diversifikasiya edir, bu isə uzunmüddətli artım tendensiyasını gücləndirir.
Xəbər verdiyimiz kimi, Azərbaycanda da qızıl sürətlə bahalanır. Belə ki, bu ilin əvvəlindən qızılın qiyməti 50%-ə yaxın bahalanaraq tarixi rekorda çatıb.
Elnur Əli