
Ötən il Azərbaycana 459 nəfər Həbəşistan vətəndaşı gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Komitənin açıqladığı statistik göstəricilərdə qeyd olunub ki, 2023-cü ildə Həbəşistandan Azərbaycana 190 nəfər gəldiyi halda, ötən il onların sayı 2,4 dəfə artaraq 459-a yüksəlib.

Məlumat üçün qeyd edək ki, hazırda dünyada “Həbəşistan” adlı dövlət yoxdur.
Xatırladaq ki, “Həbəşistan” adı indiki Efiopiya və Eritreya dövlətlərinin ərazilərini əhatə edən qədim bölgənin adıdır. Qədim və orta əsrlərdə bu ərazidə mövcud olan dövlətin – imperiyanın adı Şərq mənbələrində “Həbəşistan”, Qərb mənbələrində isə “Abissinia” olaraq keçir.
Müasir dövrdə həmin ərazidə Efiopiya Federativ Demokratik Respublikası adlı dövlət mövcuddur.
Yəni “Həbəşistan” tarixi-coğrafi anlayışdır, müasir siyasi xəritədə belə dövlət yoxdur. Bu səbəbdən də Dövlət Statistika Komitəsinin yaydığı məlumat başadüşülən deyil.
Elnur Əli