
Çin şirkəti yüksək enerji istehlakı və serverlərin həddindən artıq qızmasını aradan qaldırmaq üçün Şanxay yaxınlığındakı məlumat mərkəzlərini suyun altında yerləşdirməyi planlaşdırır.
Yeniavaz.com “ScienceAlert” portalına istinadla xəbər verir ki, sualtı serverlərin əsas üstünlüyü soyutma zamanı enerjiyə qənaətdir.
Belə ki, sualtı serverlər adi məlumat mərkəzlərində istifadə olunan enerji tutumlu hava soyutma sistemləri ilə deyil, okean axınları ilə təbii şəkildə soyudulacaq.
Bununla da sualtı qurğular soyutma üçün sərf olunan enerjinin təxminən 90%-nə qənaət edə biləcək.
Nəşrin məlumatına görə, hazırda estakadada prototip sualtı məlumat mərkəzinin tikintisi başa çatmaq üzrədir. Oktyabrın ortalarında istifadəyə verilməsi planlaşdırılan mərkəz “China Telecom” və dövlətə məxsus süni intellekt şirkətlərinə xidmət göstərəcək.
Mərkəzin demək olar ki, bütün enerjisi - 95%-dən çoxu yaxınlıqdakı dəniz külək stansiyalarından təmin ediləcək. Bununla belə, ekspertlər onun ekoloji və texniki təhlükəsizliyinə şübhə edirlər. Bu baxımdan, sualtı məlumat mərkəzlərinin geniş yayılmasından əvvəl ekoloji və texniki problemlər həll edilməlidir. Ən bariz problemlərdən biir avadanlığı sudan və korroziyadan qorumaqdır. Çin layihəsi bu problemi polad kapsul üzərindəki xüsusi qoruyucu örtüklə həll edir.
Bununla belə, digər problemlər hələ də qalmaqdadır. Belə ki, sualtı məlumat mərkəzlərini internetə qoşmaq ənənəvi serverlərindən daha çətindir.
Digər tərəfdən, sualtı məlumat mərkəzləri səs dalğalarından istifadə edən hücumlara qarşı həssas ola bilər. Digər mühüm məsələ qurğuların dəniz ekosistemlərinə təsirdir. Serverlər tərəfindən yaradılan istilik bəzi dəniz növlərini cəlb edə və digərlərini dəf edə bilər. Bu baxlmdan, ekoloqlar xəbərdarlıq edirlər ki, sualtı mərkəzlərin sayı artdıqca termal çirklənmə də arta bilər.