“Trampdan Putinə doğum günü hədiyyəsi?”


ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Rusiya-Ukrayna müharibəsini daha da gücləndirmək istəmədiyi üçün Ukraynaya ABŞ istehsalı olan “Tomaqavk” raketlərinin ötürülməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl, bu raketlərin Ukrayna tərəfindən nə məqsədlə istifadə olunacağını öyrənmək istəyir.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin qarşısında çıxış edərkən deyib.
“Düşünürəm ki, onlarla nə etdiklərini öyrənmək istəyirəm. Onları hara göndərirlər? Deyəsən, mən bu sualı verməliyəm. Mən bu müharibəni qızışdırmaq fikrində deyiləm”, - deyə Tramp bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ABŞ-dən bu raketlərin Ukraynaya göndərilməsinə vasitəçilik edən Avropa ölkələrindən onları almağı xahiş edib.
“Tomaqavk” raketlərinin mənzili təxminən 2 500 km təşkil edir və ekspertlərin fikrincə, əgər bu raketlər Kiyev arsenalına daxil edilərsə, Moskvanın ümumi coğrafi hədəfləri Ukrayna ordusunun vurma əhatəsinə düşə bilər.
Bunun fonunda Rusiya Prezidenti Vladimir Putin bazar günü yayımladığı videoçarxda xəbərdarlıq edib ki, əgər Vaşinqton Ukraynaya uzun mənzilli zərbələr endirmək üçün “Tomaqavk” raketləri verərsə, bu, Moskva ilə Vaşinqton arasındakı münasibətlərin pozulmasına gətirib çıxaracaq.
ABŞ Prezidentinin açıqlamasını şərh edən politoloq Şahin Cəfərli, bunu “Trampdan Putinə doğum günü hədiyyəsi?” kimi dəyərləndirib.
Şahin Cəfərli qeyd edib ki, Ukraynaya “Tomaqavk”ların verilməsi barədə qərar qətiləşərsə, bu, ABŞ-dəki yeni administrasiyanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasətində radikal dönüşün baş verdiyinin təsdiqi olacaq:
“Sülh istiqamətində diplomatik cəhdləri Rusiyanın uzlaşmaz mövqeyi ucbatından baş tutmadıqdan sonra Tramp “Güc vasitəsilə sülh” (Peace through strength) adlanan reyqanist konsepsiyaya keçməyə hazırlaşır. “Tomaqavk” raketləri əsas etibarilə gəmilərdən buraxılmaq üçün hazırlanaraq 1983-cü ildən ABŞ ordusunun arsenalına daxil olub. İlk dəfə 1991-ci ildə Körfəz savaşında İraqa qarşı tətbiq edilib. Raketin dəniz modifikasiyasının atəş məsafəsi 2500 km-dir. Bununla yanaşı, 1800 km məsafəyə uçan “yer-yer” modifikasiyası da var, Ukraynaya məhz bunlardan veriləcəyi gözlənilir.
“Tomaqavk” yerdən 30-50 metr yüksəklikdə uçaraq radara çətin yaxalanan yüksək dəqiqliyə malik (hədəfdən yayınma - 5 metr) qanadlı raketdir. Əlbəttə ki, möcüzəvi bir silah deyil, amma bu raketlər Ukraynanın öz istehsalı olan “Flaminqo”larla bərabər raket silahlanması sahəsində Rusiya lehinə kəskin disbalansı tam olmasa da, ciddi şəkildə aradan qaldırmağa imkan verə bilər. Görünür, Tramp düşünür ki, Rusiyanın bu sahədə bariz üstünlüyünü itirməsi onu masada daha konstruktiv mövqe tutmağa sövq edəcək.
Putin Ukraynaya hücumun səbəblərindən danışarkən dəfələrlə bildirib ki, “biz bunu etməsəydik, tezliklə ABŞ və NATO Ukraynaya Moskvanı və Sankt-Peterburqu vura biləcək raketlər yerləşdirəcəkdi”. Diktatorun bu bəyanatlarından və Avropanın şərqində böyük müharibə cinayətləri törətməyə başlamasından sonra nə baş verdi? Əvvəlcə Peterburqun yaxınlığındakı Finlandiya NATO-ya qoşuldu və Rusiyanın bu hərbi ittifaqla quru sərhədlərinin uzunluğu iki dəfə artdı, indi də ABŞ prezidenti Ukraynaya qanadlı raketlər göndərməkdən danışır.
İki gün əvvəl Putin onu da bəyan etmişdi ki, Ukraynaya “Tomaqavk”  verilsə, bu, Rusiya-ABŞ münasibətlərinin sonu olacaq. Lakin belə görünür ki, onun xəbərdarlığı Trampı qorxutmayıb”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top