
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTS) toplu SMS xidmətinin satın alınması ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ata Texnologiya” MMC (VÖEN – 1400211841) olub.
Müsabiqənin şərtlərinə görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ata Texnologiya” MMC-dən 1 300 000 ədəd SMS alacaq və qarşılığında 45 min 498 manat 44 qəpik ödəyəcək.
Açıqlanan məlumatlardan da görünüdyü kimi, Agentlik 1 ədəd SMS üçün 3,5 qəpik ödəniş edəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ata Texnologiya” MMC 15 oktyabr 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur.
Qeyd edək ki, “Ata Texnologiya” MMC-nin rəsmi saytında (https://atatexnologiya.az/haqqimizda/ ) şirkətin 2004-cü ildə “AtaHolding” MMC tərəfindən təsis edildiyi bildirilir.
Onu da bildirək ki, uzun illər mətbuatda “AtaHolding”in 2022-ci ilin noyabr ayında İstanbulda vəfat edən sabiq vergilər naziri Fazil Məmmədova bağlı olması barədə məlumatlar yayılıb.
Elnur Əli