
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bu gün və yaxın günlərdə keçirilməsi planlaşdırılan istənilən etiraz aksiyasını prezident sarayına basqın cəhdinin davamı kimi qiymətləndirəcəyini bəyan edib.
Yeniavaz.com “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, nazirlik ictimai asayişin pozulmasının qarşısını almaq üçün “lazımi tədbirlər” görəcəyini bildirib.
Rəsmi açıqlamada qeyd olunur ki, təhlükəsizlik orqanlarının əsas məqsədi ictimai qaydanın qorunması və zorakı hərəkətlərin qarşısının alınmasıdır. Nazirlik vətəndaşları məsuliyyətə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, ötən şənbə Tbilisidə bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilən “dinc inqilab” adlı etiraz aksiyası zamanı bir qrup nümayişçi prezident iqamətgahına daxil olmağa cəhd edib. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Hadisələr nəticəsində 21 polis əməkdaşı və 6 etirazçı xəsarət alıb, bir neçə təşkilatçı saxlanılıb. Baş nazir İrakli Kobaxidze baş verənləri “xarici kəşfiyyat xidmətləri tərəfindən təşkil olunmuş dövlət çevrilişinə cəhd” kimi qiymətləndirib.