
Evliliyin monotonlaşması və ya monotonlaşmaması tərəflərdən asılı olan bir məsələdir. Çünki eyni həyatı yaşayan bir tərəf vəziyyətindən razı olduğu halda, başqa bir tərəf razı olmaya bilər. Təbii ki, bu ilk növbədə eyni hadisələrin ayrı-ayrı insanlarda ayrı-ayrı reaksiyalar doğurması ilə bağlıdır. Ona görə də, monoton evlilik dedikdə ilk növbədə tərəflər hadisəyə baxışlarını müəyyənləşdirməli və necə deyərlər, bu yolla “monotonluğun dərəcəsini” müəyyən etməlidirlər. Ancaq bundan sonra çox kiçik dəyişikliklərlə monotonluğu aradan qaldırmaq olar. Bu, həm də o deməkdir ki, monotonluqdan xilas olmaq üçün hər dəfə həyatınıza yeni şeylər tətbiq etməyə ehtiyac yoxdur.
Təbii ki, burada əsas məsələ insanın mənən monotonlaşmamasıdır. Bu isə daha çox tərəflər arasındakı ünsiyyətdən və dialoqdan asılıdır. Əgər ailədə tərəflər arasında kifayət qədər ünsiyyət və ya dialoq varsa, bu ailədə monotonluqdan söhbət gedə bilməz. Çünki tərəflər arasında ünsiyyətin və ya dialoqun olması, həm də tərəflərin bir-birilərinə qarşı “tələblərini” ifadə etmək imkanının olması deməkdir.
Aygün Vəliyeva