
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının (LDP) yeni sədri vəzifəsinə keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaiti seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Japan News məlumat yayıb.
Səsvermənin ikinci turunun nəticələrinə görə, Takaiti ümumilikdə, verilən 341 səsdən 185-ni toplayıb.
Onun rəqibi, keçmiş baş nazir Cunitiro Koizuminin oğlu Sinciro Koizumi 156 səs toplayıb.
Takaiti həm Yaponiyanın bütün 47 prefekturasından olan sıravi partiya üzvlərinin əksəriyyətinin, həm də hazırkı parlament üzvlərinin dəstəyini əldə edib.
Beləliklə, yaxın günlərdə gözlənilən Siqeru İsibanın istefasından sonra Takaiti böyük ehtimalla Yaponiyanın növbəti baş naziri olacaq.
Çünki Yaponiya müxalifət partiyaları parlamentdə kollektiv say çoxluğuna malik olsalar da, siyasi əqidələrində çoxlu fundamental fərqlərə malikdirlər və bütün müxalifət qüvvələrinin səs verməyə hazır olacağı hökumət başçısı vəzifəsinə vahid namizədlə razılaşa bilməyəcəklər.
Takaiti həm də Yaponiya tarixində ilk qadın baş nazir olacaq.
Qeyd edək ki, 64 yaşlı Sanae Takaiti mərhum keçmiş baş nazir Sinzo Abenin ən yaxın tərəfdarlarından biridir. O, mühafizəkar fikirlərə malikdir və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini fəal şəkildə müdafiə edir. Çoxları onun ötən payızda keçirilən LDP liderliyi seçkilərində qalib gələcəyini proqnozlaşdırmışdı, lakin son anda o, baş nazir olmuş Siqeru İsiba ilə siyasi mübarizəni uduzdu.