
Elə bir insan yoxdur ki, ömrü boyu bir dəfə də olsun qəzəblənməsin. Belə hallarda özünü ələ alıb qəzəbini cilovlamaq dinimizdə mühüm sayılan məziyyətlərdəndir. Bir tərəfdən insanların qüsurlarını bağışlamaq, bir tərəfdən də qəzəb hissini boğmaq (əlbəttə ki, səbirlə və təmkinlə) möminə xas xüsusiyyətdir.
Peyğəmbərimiz (s.ə.s.): “Ən kamil və yetkin mömin ən gözəl əxlaqa malik olan və insanlarla ən yaxşı yola gedəndir” buyurur və bizə gözəl əxlaqın yolunu göstərir. Bəli, “Əxlaq ilədir kamali-adəm, əxlaq ilədir nizami-aləm”.
Gözəl əxlaqlı bir insanı cəhənnəmə atsalar belə, güman ki, yenə də yoluna sadiq qalar. Orada da həlim xasiyyətindən vaz keçməz, başına gələnləri geniş ürəklə qarşılayar.
Gözəl əxlaqa malik bir könül geniş bir məkana bənzəyir. Başına nə qədər bəla-müsibət gəlir-gəlsin, yenə də qəzəbini gömməyə yer tapır. Xasiyyəti pis, qəlbi dar insanlara gəlincə, belələri qarğadan da axmaq “Qabil xislətli”lərdir, öz qəzəblərini (əslində, nifrətlərini) bu boyda dünyada basdırmağa yer tapmırlar.
Xasiyyəti gözəl olanın hər şeyi gözəldir. Ancaq gözəl xasiyyət pis xasiyyətlə sınağa çəkilmədən isbat olunmaz. Bir insan pis xasiyyətli insanlarla münasibətdə belə gözəl əxlaqına sadiq qalırsa, onun xasiyyəti gözəldir. Mömin yüksək xarakteri və uca əxlaqı ilə ilan-çayanların arasına düşsə belə, onlara da ədəb-ərkan öyrətməyə çalışmalıdır.
Bir möminin din qardaşının müvəffəqiyyətlərini ilk növbədə “Əlhəmdülillah” deyərək Allahdan bilməsi, sonra da bu uğuru özü qazanıbmış kimi sevinməsi ixlasın, başqa bir ifadə ilə də səmimiyyətin əlamətidir.
Gözəl əxlaq ən böyük sərvətdir. Gözəl əxlaqın mənbəyi Allahın kitabı, Peyğəmbərimizin yoludur. Ömrünü bu düstür üzərində quran insan həyatından zövq alar.
Onu da unutmayaq ki, Sevimli Peyğəmbərimiz (s.ə.s.) “İslam ən gözəl əxlaqdır” buyurur. Ən gözəl əxlaqa sahib olmağa və onu yaşamağa çalışaq ki, aqibətimiz xeyir olsun.
Murad Məmmədov