
Ermənistan parlamenti növbədənkənar iclas çağıraraq Azərbaycanla sülhün bərqərar olması barədə bəyanat qəbul edib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Mülki Müqavilə” fraksiyasının hazırladığı bəyanatın lehinə 64 deputat səs verib. Səsvermədə iki deputat isə bitərəf qalıb. Müxalifət partiyaları səsvermədə iştirak etməyib.
Bəyanatda bu il avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış sazişlərin əsasında duran prinsiplər öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, parlament Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ prezidenti ilə görüşü zamanı imzaladıqları birgə bəyannaməni dəstəklədiyini bildirir və həmin görüşdə Azərbaycanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayır.
***14:14
Ermənistan Parlamentinin oktyabrın 2-də parlamentin plenar iclası başa çatdıqdan sonra başlayacaq növbədənkənar sessiyasının gündəliyi açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, növbədənkənar sessiyada Ermənistan Parlamentinin “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanatın mətninin müzakirəsi planlaşdırılır.
Təşəbbüs ölkənin hakim “Mülki Müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.
Qeyd edək ki, avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş baş tutub. Bu görüşdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münaqişənin həllinə yönəlmiş birgə bəyannamə imzalayıblar.