
“ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın sədri Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, Koreya yarımadasında vəziyyətin sabitləşməsinə töhfə verib.
Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-nin Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib.
“Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”, - rəsmi bildirib.
Nəşr izah edir ki, Ağ Ev ilk dəfədir ki, Amerika prezidentinin ilkin şərtlər tələb etmədiyini bildirib.
Daha əvvəl Cənubi Koreya rəsmisi Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı Donald Tramp və Kim Çen Inın görüşünün mümkünlüyünü istisna etməyib. APEC sammiti oktyabrın 31-dən noyabrın 1-dək Cənubi Koreyanın cənub-şərqində keçiriləcək.