
2025-ci ilin sentyabr ayının sonlarında Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətində aşkarlanan naməlum dronların mühüm infrastruktura casusluq etdiyi ehtimal edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almaniyanın dövlət qurumlarından birinin daxili hesabatına istinadən “Der Spiegel” məlumat yayıb.
Məlumata görə, sentyabrın 25-də yerli vaxtla təxminən saat 21:00-da “Thyssenkrupp” dəniz gəmiqayırma zavodunun (Almaniyanın ən böyük korporasiyalarından biri) üzərində iki kiçik dron aşkarlanıb. Qısa müddətdən sonra adı açıqlanmayan universitet klinikasının üzərində, saat 22:00 radələrində isə sahil elektrik stansiyasının üzərində bir qrup dron görünüb.
Yerli polis dron qruplarının paralel trayektoriyalarda uçduğunu müəyyən edib və onların məqsədinin yerdəki obyektləri araşdırmaq olduğuna inanır. Pilotsuz təyyarələr Baltik və Şimal dənizlərini birləşdirən Kiel kanalının böyük hissələri üzərindən şərqdən qərbə doğru uçub.