
ABŞ federal hökuməti maliyyə çatışmazlığı ilə əlaqədar çərşənbə günü gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) fəaliyyətini qismən dayandırıb.
Yeniavaz.com xəbər verir ki, buna səbəb Konqresdəki Respublikaçılar və Demokratların xərc maddələrinin siyahısı ilə bağlı razılığa gələ bilməmələri olub.
Belə ki, respublikaçıların dəstəklədiyi qanun layihəsi Senatda 55 səs alıb, 45-i isə əleyhinə çıxıb. Demokratlar tərəfindən irəli sürülən qanun layihəsi isə lehinə 47, əleyhinə 53 səs toplayıb. Yuxarı palatada təsdiq üçün ən azı 60 səs lazımdır.
ABŞ qanunlarına görə, milli təhlükəsizlik və xarici siyasət fəaliyyətlərinə cavabdeh olan departamentlər və agentliklər federal hökumətin maliyyələşdirməsi dayandırılsa belə, fəaliyyətini davam etdirməlidir. Oxşar tələblər işi həyat və əmlakın qorunmasına yönəlmiş dövlət işçilərinə də şamil edilir. Bu şəraitdə işləmək məcburiyyətində qalan dövlət işçiləri maaş almırlar, lakin onlar adətən maliyyə məsələsi həll edildikdən sonra ödənilir.
1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox pozulub. Ən uzun müddət Trampın birinci dövründə 35 gün olub - 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər.
Tətbiqimizi yükləyə bilərsiniz