
Pakistanın cənub-qərbindəki Bəlucistanın paytaxtında hərbiləşdirilmiş təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında bomba yüklü avtomobil partladılıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bomba yüklü avtomobilin partladılması nəticəsində azı 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Partlayış Pakistanın Kvetta şəhərindəki Sərhəd Qoşunlarının qərargahı yaxınlığında, insanların sıx olduğu Pişin dayanacağında baş verib.
Sakinlər bildiriblər ki, partlayış o qədər güclü olub ki, kilometrlərlə uzaqdan eşidilib.
Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib və yaralıları yaxınlıqdakı xəstəxanalara çatdırıblar.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və partlayışa görə məsuliyyət daşıyanların tapılması üçün axtarış əməliyyatına başlayıb.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Bəlucistan Baş Naziri Mir Sarfraz Buqti “X” sosial şəbəkə hesabında baş verənləri “terror hücumu” adlandırıb.
O, 4 terrorçunun məhv edildiyini bildirib.

