
“Google”a məxsus “YouTube” viedoplatforması ABŞ Prezidenti Donald Trampın iddiasını təmin etmək üçün 24,5 milyon dollar ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, iddia 2021-ci ildə Kapitoliyə hücumdan sonra şirkət onun hesabını blokladıqdan sonra qaldırılıb.
Əldə edilən razılaşmaya əsasən, bu məbləğin 22 milyon dolları Trampın göstərişi ilə Ağ Evdə yeni bal zalının tikintisinə sərf olunacaq. Qalan məbləğ “YouTube”u senzurada ittiham edən digər iddiaçılara gedəcək.
Nəşr qeyd edir ki, Tramp daha əvvəl digər platformalarla da oxşar razılaşmalar əldə edib. “Meta” 25 milyon dollar, “X” (keçmiş Twitter) isə 10 milyon dollar ödəməyə razılaşıb.
Qeyd edək ki, Trampın “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesabları 2021-ci ilin əvvəlində qayda pozuntularına görə, dayandırılıb. Həmin ilin iyulunda Tramp sosial media şirkətlərini məhkəməyə verib. Onun “Twitter” hesabına giriş 2022-ci ildə, digər sosial media hesablarına giriş isə 2023-cü ildə bərpa edilib.
Bu bloklama Trampı 2022-ci ilin fevralından bəri onlayn auditoriya ilə əsas ünsiyyət kanalı olaraq qalan öz “Truth Social” platformasını yaratmağa vadar edib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Tramp tərəfdarları demokrat Co Baydenin qalib gəldiyi 2020-ci il prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinin qarşısını almaq üçün ABŞ-nin Kapitoliya binasına basqın ediblər. İğtişaşlar zamanı polis bir etirazçını güllələyərək öldürüb, bir neçə nəfər isə tibbi səbəblərdən ölüb. Daha sonra Kapitoliya polislərindən biri dünyasını dəyişib.
Tətbiqimizi yükləyə bilərsiniz