Hollivud ilk süni intellektli aktrisasını təqdim etdi


Amerikanın “Xicoia” süni intellekt studiyası tam süni intellektlə yaradılmış ilk aktrisasını təqdim edib.
Yeniavaz.com
“Deadline” nəşrinə istinadla xəbər verir ki, onun adı Tilli Norvuddur.
Onun “İnstaqram” hesabında hazırda yalnız bir neçə yazı və 6000-dən çox izləyicisi var.
Bir neçə studiya artıq onunla müqavilə imzalamağı düşünür.
Tilli Norvud dialoq, monoloq, tendensiyalara reaksiya və hətta pərəstişkarları ilə ünsiyyət qurmağı bacaran hiper realist xarakterdir.
İyul ayında o, sosial media səhifəsində “Süni intellekt komissarı” komediya eskizində ilk rolunu oynadığını “elan edib”. O, həmçinin qeyd edib ki, rəqəmsal olaraq yaradılsa da, çox real emosiyalar yaşayır və daha çox rollar gözləyir.
Rəqəmsal aktrisanın sahibi komediyaçı və prodüser Elin van der Veldendir. O, həm də süni intellekt üzrə ixtisaslaşmış “Particle6” şirkətinə rəhbərlik edir.
“Biz Tillinin növbəti Skarlett Yohansson və ya Natali Portman olmasını istəyirik. Bizim işimizin məqsədi budur”, - van der Velden bildirib.
Bununla belə, rəqəmsal aktrisanın ortaya çıxması Hollivudda sərt reaksiyaya səbəb olub. Hətta “Deadline”ın bir neçə agentliyin Tilli Norvudla müqavilə imzalamağa hazır olduğu barədə xəbərindən sonra aktrisalar Melissa Barrera və Kirsi Klemons “Xicoia”nı boykot etməyi təklif ediblər.
Tənqidçilər də sosial mediada eyni təkliflə çıxış ediblər.

DİGƏR XƏBƏRLƏR

Top