
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının hərbi xidmətə payız çağırışı haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sərəncama əsasən, çağırış 2025-ci il 1 oktyabr – 31 dekabr tarixləri arasında keçiriləcək. Bu müddətdə 18–30 yaş aralığında olan 135 min nəfər hərbi xidmətə çağırılacaq.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini, vitse-admiral Vladimir Tsimlyanski sentyabrın 22-də açıqlama verərək bildirib ki, payız çağırışında xidmətə gedənlər yalnız ölkə daxilində dislokasiya olunacaqlar və “xüsusi hərbi əməliyyata” cəlb edilməyəcəklər.
O, həmçinin qeyd edib ki, bu ilki çağırış kampaniyası Vahid Hərbi Qeydiyyat Reyestri vasitəsilə aparılacaq. Bununla yanaşı, əsgərlərə çağırış barədə məlumat vermək üçün ənənəvi kağız vərəqələrdən də istifadə ediləcək.
Xatırladaq ki, 2024-cü ilin payız çağırışı zamanı 133 min nəfər, 2025-ci ilin yaz çağırışı zamanı isə 160 min nəfər hərbi xidmətə göndərilib.
Tətbiqimizi yükləyə bilərsiniz