Uşaqlar həmişə yalan danışmırlar...


Hər şeydən əvvəl deyək ki, burada söhbət əsasən 3-5 yaş arasında olan uşaqlardan gedir. Belə ki, bu yaş arasında olan uşaqların xəyal dünyaları çox geniş olur. Digər tərəfdən, bu yaşda olan uşaqlar eşitdikləri və gördükləri hər şeyi real hesab edirlər. Buna görə də, eşitdikləri bir nağılda, ya da gördükləri bir cizgi filmində real olmayan şeyləri real olan şeylərlə səhv salırlar. Hətta, bu az imiş kimi, az qala bütün gördüklərini olduğu kimi yaddaşlarına həkk edirlər. Nəticədə, bu yaşda olan uşaqlar öz xəyal dünyalarına uyğun hadisələr uydurmağa başlayırlar. Hətta, bu yaşda olan uşaqların öz xəyal dünyalarına uyğun qardaş-bacıları və dostları olur.
Ancaq bir çox valideynlər belə hallarda tez təşvişə düşür və müxtəlif xəbərdarlıqlarla uşaqlarını “yalan”dan çəkindirməyə çalışırlar. Halbuki bu yaşda olan uşaqlar hələ yalanın belə nə olduğunu bilmirlər. Nəticədə, valideynlər bu xəbərdarlıqları ilə uşaqlarına (təbii ki, özləri də bilmədən) yalan danışmağı öyrədirlər. Buna görə də, valideynlər 3-5 yaş arasında olan uşaqların dediklərini ciddi qəbul etməməlidirlər. Üstəlik, onların dediklərini diqqətlə dinləməli, ancaq deyilənlərə həddindən artıq maraq göstərməmlidirlər. Əks halda, valideynlər uşaqlarını öz xəyal dünyalarına mənkum etmiş olarlar...

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top