SOCAR-ın 3 gün əvvəl aldığı şirkət İtaliyada 130 milyon avrodan çox cərimələndi


İtaliyanın antiinhisar tənzimləyicisi (AGCM) yanacaq bazarında qiymətlərin süni şəkildə müəyyənləşdirilməsinə görə altı iri neft şirkətini ümumilikdə 936 milyon avro məbləğində cərimələyib.
Yeniavaz.com
“Financial Times”a istinadən xəbər verir ki, bu, Avropada milli tənzimləyici qurum tərəfindən tətbiq edilən ən böyük cərimələrdən biri hesab olunur.
Ən yüksək cəriməni “Eni” şirkəti alıb – 336 milyon avro. “ExxonMobil”ə məxsus “Esso”, İtaliyanın “Italiana Petroli” və Küveytin Q8 şirkətləri 129–172 milyon avro aralığında cərimələnib. İtaliyanın Saras və Hollandiyanın “Tamoil” şirkətlərinin cərimələri isə 100 milyon avrodan az olub.
AGCM-nin açıqlamasına görə, şirkətlər avtomobil yanacaqlarının satışında rəqabəti məhdudlaşdıran razılaşmada iştirak ediblər. Onlar yanacaq qiymətinə əlavə edilən biokomponentin qiymətini birlikdə müəyyənləşdiriblər. 2020-ci ildən başlayan və üç il davam edən sövdələşmə nəticəsində həmin komponentin qiyməti hər kubmetr üçün 20 avrodan 60 avroya qədər yüksəlib.
“Eni” şirkəti qərarla bağlı bildirib ki, iddialar bazar məntiqinə ziddir və faktlar təhrif olunub. Şirkət məhkəmədə mövqeyini müdafiə edəcəyini açıqlayıb.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri “Eni”nin bazar kapitallaşması 16% artaraq 46 milyard avroya yüksəlib.
Onu da bildirək ki, 3 gün əvvəl SOCAR ilə “Italiana Petroli” şirkəti arasında səhm alqı-satqısı Sazişinin imzalanma mərasimi keçirilib. Nəticədə SOCAR təxminən 3 milyard dollar ödəyərək İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82%-nə sahib olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top