
Parlamentdə olmayan Ermənistanın “Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana səfər edəcəklərini iddia edib.
Yeniavaz.com xəbər verir ki, Babacanyan bu barədə Ermənistanın Civic.am nəşrinə müsahibəsində bildirib.
O, liderlərin Avropa Siyasi Birliyinin sammitində iştirakının nəzərdə tutulduğunu qeyd edib.
Babacanyanın sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın da tədbirə dəvət olunması üçün diplomatik səylər davam edir.
Babacanyan qeyd edib ki, Azərbaycan və Türkiyə liderlərinin tədbirdə iştirakı regionda dialoqun və sülhün möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.
Sammit Avropa Siyasi Birliyinə üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü formatında keçiriləcək və regional məsələlərin, təhlükəsizlik və iqtisadi əməkdaşlığın müzakirəsi üçün əsas platformaya çevriləcək.
Digər tərəfdən, Babacanyanın Azərbaycan və Türkiyə liderlərinin Ermənistana səfəri ilə bağlı iddiasına Türkiyə mediasından “Türkiye Gazetesi” də yer verib.
Qəzet Azərbaycan və Ermənistan arasındakı buzların əriməkdə davam etdiyini bildirib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin oktyabr ayında Kopenhagendə baş tutacaq. 2026-cı ildə birliyin sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz