Bir gündə 100 milyard dollar qazanan ilk şəxs oldu


“Oracle”ın həmtəsisçisi və texniki direktoru Larri Ellison şirkətdəki 41%-lik payı sayəsində cəmi bir gündə təxminən 100 milyard dollar qazanaraq tarixdə ən böyük gündəlik sərvət artımına imza atıb.
Yeniavaz.com
“Forbes” nəşrinə istinadən xəbər verir ki, onun sərvəti bir gün ərzində 293 milyard dollardan 400,9 milyard dollara yüksəlib.
Beləliklə, Ellison Elon Maskdan sonra 400 milyard dollar həddini keçən ikinci şəxs olub.
“Oracle”ın birinci rüb üzrə gözləntiləri doğrultmayan hesabatına baxmayaraq, şirkətin süni intellektlə gücləndirilmiş bulud infrastrukturundan gəlirlərinin artacağı ilə bağlı açıqlamadan sonra səhmlər 38% bahalaşıb. Şirkət bu ildən başlayaraq növbəti dörd ildə 114 milyard dollardan çox əlavə gəlir əldə edəcəyini bəyan edib.
“Oracle” hazırda “Microsoft”, “Amazon”, “Google” və “CoreWeave” kimi nəhənglərlə rəqabət aparır. Şirkət, həmçinin ABŞ Prezidenti Donald Tramp tərəfindən təsdiqlənən 500 milyon dollarlıq “Project Stargate” proqramının iştirakçısıdır. Layihə çərçivəsində “Oracle”, “OpenAI” və “SoftBank” Texasda nəhəng məlumat mərkəzi inşa edəcək.
81 yaşlı Ellison mətbuat konfransında çıxış edərək deyib:
“Biz bulud infrastrukturunda bütün rəqiblərimizin birlikdə yaratdığından daha çox məlumat yaradacaq və istifadə edəcəyik. “Oracle” hər yerdədir”.
Ellisonun sərvətindəki bu sıçrayış, “Oracle”ın illərdir davam etdirdiyi səhmlərin geri alınması siyasəti ilə də bağlıdır. 2011-ci ildən bəri şirkət 142 milyard dollar dəyərində səhm geri alıb, bu da onun payını iki dəfə artıraraq 41%-ə çatdırıb. İllik dividendlər isə milyarderin gəlirlərinə əlavə dəstək verir –  təkcə ötən il Ellison təxminən 2 milyard dollar dividend əldə edib.
Bununla belə, “Oracle” hazırda ciddi maliyyə öhdəlikləri ilə üzləşib. Şirkətin 92 milyard dollarlıq borcu var və süni intellekt yönümlü məlumat mərkəzlərinin inşası səbəbindən üç il ardıcıl mənfi pul axını proqnozlaşdırılır. Sentyabr ayında isə “Oracle” 3 000 nəfər işçini ixtisar edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top