Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs intihara cəhd edib


Florida ştatında ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan 59 yaşlı Rayan Rout münsiflər heyəti tərəfindən bütün maddələr üzrə təqsirli bilinib.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, hökm elan olunduqdan dərhal sonra Rout məhkəmə zalında özünü öldürməyə cəhd edib.
Məhkəmə icraçıları onun qarşısını alaraq müttəhimi zaldan çıxarıb, daha sonra isə qandallı şəkildə geri qaytarıblar. Hadisəni onun qızı Sara da müşahidə edib.
Rout prezidentliyə namizədi öldürməyə cəhd, federal zabitə hücum, qanunsuz odlu silah və sursat saxlama, həmçinin silinmiş seriya nömrəli odlu silaha sahib olmaq kimi beş ağır maddə üzrə ittiham olunub. Proses Florida ştatının Fort Pirs şəhərində keçirilib və o, özünü məhkəmədə şəxsi vəkil olmadan müdafiə edib.
Müstəntiqlərin bildirdiyinə görə, Rout “Trump International Golf Club”un yaxınlığında “snayper yuvası” qurub, lakin heç vaxt atəş açmayıb. Münsiflər heyəti isə qısa müzakirədən sonra onu təqsirli bilib.
Hadisədən sonra Tramp “Truth Social” platformasında ABŞ Ədliyyə Nazirliyini təbrik edərək yazıb:
“O, pis niyyətli bir adam idi və tutuldu”.
Prokuror Kris Brovn çıxışında qeyd edib ki, Rout sui-qəsdi diqqətlə şəkildə planlaşdırıb. Lakin müttəhim son sözündə “Əgər sui-qəsd baş tutmayıbsa, deməli, bu, sui-qəsd deyildi” ifadəsi ilə özünü müdafiə etməyə çalışıb.
Hakim Eilen Kannon hökmü dekabrın 18-də elan edəcək. Routu ömürlük həbs cəzası gözləyir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 15-də ABŞ Məxfi Xidmət agentləri Trampın olduğu qolf meydançasının yaxınlığında silahlı şəxsi zərərsizləşdirib. Həmin şəxs daha sonra qaçmağa cəhd etsə də, saxlanılıb. İyul ayında isə Pensilvaniyada keçirilən mitinqdə Trampa silahlı hücum olub və güllə yarası alıb.

DİGƏR XƏBƏRLƏR

Top