
“İlon Maskın atası iş adamı Errol Mask dəfələrlə bioloji və övladlığa götürülmüş övladlarına cinsi istismarda ittiham olunub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Bildirilib ki, İlon Maskın atası ilə əlaqələrini kəsməsinin səbəblərindən biri də bu idi.
İddia edilən hadisələr 1993-2023-cü illər arasında Cənubi Afrika və Kaliforniyada baş verib. Errolun bioloji və övladlığa götürülmüş beş uşağı atası tərəfindən cinsi istismara məruz qaldığını bildirib.
Nəşr polis qeydlərini nəzərdən keçirib və Errol Maska qarşı üç rəsmi araşdırmanın açıldığını aşkar edib. Onlardan ikisi bağlanıb, üçüncü barədə məlumat yoxdur.
Qeyd edilib ki, ailə kömək üçün dəfələrlə İlon Maska müraciət edib. “New York Times” qəzetinin yazdığına görə, milyarder qohumlarına kömək edib: o, ögey bacılarını atalarından qorumaq üçün onlara qəyyumluq etməyə çalışıb, həmçinin ögey anasına (hətta Erroldan boşandıqdan sonra da) və qızına maddi dəstək verib. 2023-cü ildə nəşr olunan tərcümeyi-halında İlon Mask atası ilə danışmadığını yazıb. 2017-ci ildə “Rolling Stone”a verdiyi müsahibədə iş adamı atasının “ağıla gələ biləcək pisliklərin demək olar ki, hamısını” etdiyini deyib.
Xatırladaq ki, Errol Mask iki dəfə ailə qurub. İlon Mask onun ilk evliliyindən olan oğludur. 2017-ci ildə ikinci boşanmasından sonra Errol Maskın ögey qızı (ikinci arvadının qızı) ilə münasibəti ictimaiyyətə məlum olub. Onların sonradan iki övladı olub.
Tətbiqimizi yükləyə bilərsiniz