
Rusiyada hərbi səfərbərliyə cəlb olunaraq, döyüşə göndərilən keniyalı idmançı Ukraynada əsir düşüb.
Yeniavaz.com BBC telekanalına istinadla xəbər verir ki, bu barədə Ukrayna ordusunun 57-ci Piyada Briqadası video yayıb.
Ötən həftə yayılan kadrlarda 36 yaşlı qaçış ustası Evans Kibetin Rusiyaya qaytarılmamaq üçün göz yaşları içində yalvardığı görünür.
Görüntülərdə idmançı əllərini yelləyərək “Mən orada öləcəyəm”, - deyir və 16 yaşlı qızını görmək üçün evə qayıtmaq istədiyini bildirir.
İdmançının sözlərinə görə, o, aldadılaraq, Rusiya ordusuna aparılıb.
Belə ki, bir idman agenti Kibetə yarışda iştirak etmək üçün Rusiyaya səyahət təklif edib. O isə bunu tərəddüd etmədən qəbul edib.
Ancaq iki həftədən sonra Kibeti qonaq dəvət edən şəxs Rusiyada daha çox qalmaq istəyib-istəmədiyini soruşub və ona iş vəd edib.
Həmin gün o, Kibetə rus dilində bir neçə kağız gətirib və “Bu, sənin görməli olduğun işdir”, - deyərək, kağızları imzaladıb. Bundan sonra həmin şəxs Kibetin telefonunu və pasportunu götürüb.
Kibetin sözlərinə görə, tezliklə daha bir neçə nəfər gəlıb və sonra onu maşınla cəbhəyə aparıblar. O, təxminən yeddi saat yol getdikdən sonra özünü bir hərbi düşərgədə görüb.
Ona burada orduda xidmət etmək üçün müqavilə bağladığı və bundan imtina edə bilməyəcəyi bildirilib.
“Mənə dedilər ki, ya döyüşə gedəcəksən, ya da səni öldürəcəyik”, - Kibet əlavə edib.
Keniyalı idmançı hərbi düşərgədə bir həftəlik təlim keçib və orada avtomatdan istifadə etməyi öyrənib. Komandirlərin heç biri ingiliscə bilmədiyi üçün göstərişlər yalnız jestlərlə verilib.
Kibet iddia edir ki, heç vaxt döyüşdə olmayıb və ilk tapşırığa gedərkən, o, silahlarını ataraq, qaçıb. Kibet iki gün Xarkov vilayətinin şimal-şərqindəki Vovçansk yaxınlığındakı meşədə gəzib.
Sonra Kibet ukraynalı əsgərləri görərək, onlara yaxınlaşıb və təslim olub: “Dedim ki, mən Keniya vətəndaşıyam, xahiş edirəm, məni vurmayın”.
Sonra komandir gəlib və onun əllərini bağlayıblar: “Hər kəs silahını mənə doğrultdu, amma mən onlardan sakitləşmələrini xahiş etdim. “Mənim silahım yoxdur, mən həyatımı xilas etmək üçün buradayam”, dedim”.
BBC telekanalına müsahibə verən ailə üzvləri Kibetin maddi baxımdan çətinlik çəkdiyini, buna görə müxtəlif ölkələrdə yarışlara getdiyini deyiblər.
Ailə Keniya hakimiyyətini məsələyə müdaxilə etməyə çağırsa da, Xarici İşlər Nazirliyi hələ ki, buna bir cavab verməyib.
Ukraynanın hərbi əsirlərin mübadiləsi üzrə qərargahından Petro Yatsenko isə bəyan edib ki, Ukrayna onu vətənə qaytarmağa və bununla bağlı danışıq aparmağa hazırdır: “Ölkəsinin hökuməti onun qayıtmasında maraqlı olsa, Ukrayna danışıqlara hazırdır”, - Yatsenko bildirib.
Lakin o, digər hərbi əsirlərdən danışarkən əlavə edib ki, Afrika dövlətlərinin əksəriyyəti belə vətəndaşların geri qaytarılmasında az maraq göstərirlər və onları qəbul etmək istəmirlər.
Yatsenko vurğulayıb ki, Rusiya tərəfində döyüşən və əsir düşən bütün xarici muzdlular Ukraynanın müəssisələrində saxlanılır və onlara Üçüncü Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi münasibət göstərilir.
Tətbiqimizi yükləyə bilərsiniz