
“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamalın atası Munir Nasraui 2025-ci ildə “Qızıl top”un təqdimetmə mərasimində Usman Dembelenin qələbəsinə etiraz edib.
Yeniavaz.com “Marca” nəşrinə istinadla xəbər verir ki, mərasimdən sonra Nasraui “Gələn il “Qızıl top” bizimdir”, - deyib.
Daha sonra o, “El Çirinquito TV”yə müsahibəsində özünü daha sərt ifadə edib:
“Düşünürəm ki, bu, mənəvi zərbədir. Mən Lamin Yamalın böyük fərqlə dünyanın ən yaxşı oyunçusu olduğuna inanıram. O, mənim oğlum olduğuna görə yox, dünyanın ən yaxşı oyunçusu olduğuna görə. Düşünürəm ki, onun heç bir rəqibi yoxdur”, - futbolçunun atası bildirib.
Qeyd edək ki, “Qızıl top” üçün səsvermədə Lamin Yamal ikinci yeri tutub. PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Vitinya isə üçüncü olub.
Xatırladaq ki, Yamal Fransanın "France Football" jurnalı tərəfindən dünyanın ən yaxşı gənc futbolçusuna (21 yaşa qədər) verilən “Kopa Kuboku” mükafatını qazanıb.