Prezidentin dəyişməsi “Fənərbağça”ya uğur gətirəcəkmi?


Xəbər verdiyimiz kimi, Türkiyənin ən böyük idman klublarından hesab olunan “Fənərbağça”da rəhbərlik dəyişib və klubun 38-ci prezidenti Sadettin Saran olub. O, sentyabrın 21-də keçirilən seçkilərdə 12 min 325 səs toplayaraq əvvəlki prezident Ali Koçu geridə qoyub.
Yeni prezidentin açıqlamalarına görə, klubda birlik və uğur ön planda olacaq. Saran çempionluğa qədər bayram etməyəcəklərini vurğulayaraq, komandanın gələcək strategiyasına dair ciddi mesajlar verib. O, həmçinin Ali Koç ilə birlikdə klubun uğurlarını paylaşmaq istədiyini bildirib.
Bu dəyişiklik idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Mütəxəssislərdən bəziləri fikirləşirlər ki, mövsüm başladıqdan sonra rəhbərliyin dəyişməsi daha ciddi uğursuzluğa səbəb ola bilər.
Bəs klub rəhbərinin dəyişməsinə gətirib çıxaran səbəblər nələr oldu?
Jurnalist, idman şərhçisi Azad Nuriyev mövzu ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirib ki, dəyişikliyə getməyin əsas səbəbi nəticələr olub:
“2018-ci ilin iyunundan komandanın rəhbəri olan Ali Koç Türkiyədə sevilsə də, ardıcıl mövsümlərdə göstərdiyi nəticələr istefaya gətirib çıxardı. İlk növbədə avrokuboklarda komandanın uğursuzluğu Türkiyənin UEFA indeksində də geriləməsinə səbəb oldu. Həmçinin, komanda onun rəhbərliyi dövründə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazana bilmədi. Hazırkı mövsümdə də komanda “Qarabağ”ın səfərdə məğlub etdiyi “Benfika”ya pley-off mərhələsində uduzaraq ÇL-də mübarizəni dayandırdı və Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Nəzərə alsaq ki, bu 8 ildə komanda avrokuboklarda baxımlı oyun nümayiş etdirə bilməyib, bu da təbii olaraq azarkeşlərin etirazına, qəzəbinə səbəb olub”.
Azad Nuriyev, həmçinin bildirir ki, komandanın düzgün strategiya xəttinin olmaması da rəhbərliyin dəyişdirilməsinin əsas səbəblərindəndir:
“Tez-tez baş məşqçi dəyişikliyi olurdu. Digər ölkələrdə uğur qazanan, çempion olan baş məşqçilər belə “Fənərbağça”nı çempion edə bilmirdi. Ona görə də yekunda komanda məsələni başdan həll etməyə qərar verdi və prezidenti dəyişdi”.
İdman şərhçisi Sadettin Saranın rəhbərliyi ilə klubun gələcək uğurları barədə indidən proqnoz verməyin çətin ola biləcəyini bildirib.
“Nəzərə alaq ki, komanda baş məşqçini də yeni dəyişib. Hazırkı mütəxəssis Domeniko Tedesko komanda ilə sınaq dövrünü yaşayır. Qeyd etmək lazımdır ki, Saran 1990-cı illərdə və 2000-lərin əvvəlində klubun idarə heyətində yer alıb. Sadəcə, klub prezidenti olaraq bu, onun ilk təcrübəsi olacaq və nə qədər uğurlu olacağını zaman göstərəcək”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top