
“Əl-İttihad”ın 37 yaşlı hücumçusu Kərim Benzema karyerasını Portuqaliyanın “Benfika” klubunda davam etdirə bilər.
Yeniavaz.com xəbər verir ki, Lissabon klubunun yeni baş məşqçisi Joze Mourinyo şəxsən Benzemanı kluba dəvət etmək istəyir.
Bildirilib ki, futbolçu transferi təmin etmək üçün maaşının azalmasını qəbul etməli olacaq. Həmçinin qeyd edilib ki, “Benfika” bu qış transferini tamamlamaq üçün 5-7 milyon avro ödəməli olacaq.
Xatırladaq ki, hücumçu daha əvvəl “Real Madrid”də Mourinyonun rəhbərliyi altında çıxış edib. Benzemanın “Əl-İttihad”la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Mətbuatda fransalı futbolçunun maaşının illik 100 milyon avro olduğu bildirilir. “Transfermarkt” onun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.