
İsrailin pilotsuz uçuş aparatının (PUA) Livanın cənubuna endirdiyi zərbə nəticəsində üçü uşaq olmaqla beş nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, öldürülənlərdən dördü, o cümlədən uşaqlar və ataları ABŞ vətəndaşlarıdır. Uşaqların anası da daxil olmaqla daha iki nəfər yaralanıb.
Livan parlamentinin sədri Nəbih Berri uşaqların anasının vəziyyətinin ağır olduğunu bildirib.
İsrail ordusu isə hədəflərinin mülki əhalinin içində hərəkət edən “Hizbullah” terrorçusu olduğunu iddia edib.
İsrail Müdafiə Qüvvələri (IDF) “bir neçə günahsız mülki şəxsin” öldürüldüyünü etiraf edib və hadisənin araşdırıldığını bildirib.
Qeyd edək ki, “Hizbullah” və İsrail arasındakı müharibə Livanda təqribən 4 min nəfərin ölümünə səbəb olub və sakinlər ölkənin cənub və şərq bölgələrində evlərini tərk etmək məcburiyyətində qalıb.