Qohum evliliklərinə qoyulan qadağadan yayınmaq mümkündürmü? – Hüquqşünasdan açıqlama


Məlum olduğu kimi, bu ilin iyul ayından Azərbaycanda qohumlar arasında nikahlar qadağan edilib.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə bu qadağadan yayınma hallarının olması ilə bağlı iddialar yayılıb.
İddiaya görə, bəzi şəxslər rəsmi qaydada valideynlik hüququndan yayınaraq övladlarının qohumları ilə nikah bağlamasına şərait yaradırlar.
Bəs belə bir hal mümkündürmü?
Yəni vətəndaş rəsmi qaydada valideynlik hüququndan imtina etməklə övladının qohumları ilə nikah bağlamasına nail ola bilərmi?
Hüquqşünas Elşad İsayev mövzu ilə bağlı Yeniavaz.com-a açıqlamasında bildirib ki, valideyinlik hüququndan imtina olunması yolverilməzdir: “Belə bir hüquqi prosedur yoxdur”.
Hüquqşünas bildirir ki, məhkəmə hər hansı bir şəxsi valideynlik hüququndan məhrum etsə belə, onun övladlarının yaxın qohumları ilə nikah bağlaması mümkün deyil.
E. İsayevin sözlərinə görə, övladlığa götürülənlər də övladlarla eyni hüquqlara malik olduğu üçün, bu qanun həmin şəxslərə də şamil olunur:
“Qanun üçün övladlığa götürülənlə övladın heç bir fərqi yoxdur. Qanun layihəsində söhbət qan qohumluğundan getmir. Yaxın qohumlar ifadəsi işlədilir, xalaqızı, dayıqızı, bibiqızı və s. Tərəflərdən biri övladlığa götürülübsə, artıq onun qohumları hesab olunur”.
Mama-ginekoloq Arzu Məhərrəmova irsi xəstəliklərin məhz qohum evliliklərində daha çox müşahidə olunmasının səbəbini belə izah edib:
“Çünki qohum nikahında irsi xəstəlikləri daşıyan genlərin bölüşmə riski daha yüksəkdir. Bu səbəbdəndir ki, bir çox xəstəliklərlə üzləşirik. Ən çox irsi xəstəliklər hemofiliya, müxtəlif fiziki inkişaf qüsurları, eşitmə və görmə qüsurları, maddələr mübadiləsi pozğunluqlarıdır”.
Ginekoloq həmçinin qeyd edib ki, bu qüsurlar yalnız qohum nikahlarında olmur, tamamilə yad insanlarda da ola bilər, lakin bu qohum nikahlarına nisbətən daha az mümkündür.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top