
Avropa İttifaqı (Aİ) Ukraynaya maliyyə dəstəyi üçün yeni mexanizm üzərində çalışır.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, söhbət Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə Kiyevə kreditin verilməsindən gedir.
Bu addım Macarıstanın veto hüququndan yan keçmək məqsədi daşıyır.
Məlumata görə, məsələ hələ ilkin müzakirə mərhələsindədir və kreditin şərtləri tam aydın deyil. Layihəyə əsasən, Ukrayna bu kreditləri yalnız Rusiya tərəfindən təzminat aldığı halda qaytaracaq. Bu təklif Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən ABŞ-nin Kiyevə hərbi yardımı azaltdığı bir vaxtda irəli sürülüb.
Fon der Lyayen vurğulayıb ki, Rusiya aktivlərinin tam müsadirəsi gündəmdə deyil. Ssenarilərdən biri Aİ-yə üzv bütün dövlətlərin deyil, “istəklilər koalisiyası”nın təşəbbüsü ilə mexanizmin yaradılmasıdır. Bu, Macarıstanın etirazını neytrallaşdırmaq üçün nəzərdə tutulur.
Aİ-nin yüksək səviyyəli rəsmiləri bildiriblər ki, hələlik kreditin məbləği də daxil olmaqla, bir çox məqam dəqiqləşməyib. Qeyd olunur ki, hazırda Avropada dondurulmuş Rusiya aktivlərinin ümumi dəyəri 210 milyard avrodur. Bu vəsaitin faiz gəlirləri artıq Ukraynaya ayrılan 50 milyard dollarlıq kreditin maliyyələşdirilməsində istifadə olunur. Lakin aktivlərin böyük hissəsi nağd pula çevrildiyindən gəlirlərin həcmi azalıb.
Yeni layihəyə görə, Rusiya aktivləri Avropa Komissiyasının buraxacağı sıfır kuponlu istiqrazlarla əvəz edilə bilər. İstiqrazlara bütün Aİ ölkələri və ya yalnız iştirakçı dövlətlər zəmanət verəcək. Əsas risk ondan ibarətdir ki, əgər gələcəkdə sanksiyalar ləğv edilərsə, Moskva öz aktivlərinə iddia qaldıra bilər. Lakin ekspertlər hesab edirlər ki, Rusiya Krım da daxil olmaqla Ukraynadan tam çıxmadığı müddətdə sanksiyaların qüvvədə qalması ehtimalı çoxdur.
Sentyabrın əvvəlində “istəklilər koalisiyası”na daxil olan 35 ölkədən 26-sı Ukraynaya uzunmüddətli təhlükəsizlik təminatları verməyə razılıq verib.
Məsələ yalnız Avropada deyil, ABŞ siyasətində də diqqət mərkəzindədir. “Wall Street Journal” yazır ki, Avropa ölkələri Belçikanın “Euroclear” depozitarında saxlanılan Rusiya aktivlərindən istifadənin müxtəlif yollarını müzakirə edirlər. Qəzetin məlumatına görə, bu mexanizm Ukraynaya “pulsuz və limitsiz silah abunəliyi” kimi işləyə bilər.
Eyni zamanda, sabiq ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə danışıqlarda onları Rusiya aktivlərindən istifadə etməyə çağırıb. Moskva isə Qərbi dəfələrlə xəbərdar edib ki, əgər onun aktivlərinə toxunulsa, qarşılıqlı addımlar atılacaq və o cümlədən Avropa şirkətlərinin Rusiyadakı mülkiyyətinə həbs qoyula bilər.
Elnur Əli