
Sentyabrın 18-də Rusiya və Ukrayna həlak olmuş hərbçilərin cəsədlərini mübadilə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya tərəfi həlak olan ukraynalı əsgərlərə məxsus 1000 cəsədi Ukraynaya qaytarıb.
Ukrayna da öz növbəsində 24 hərbçinin qalıqlarını Rusiyaya təhvil verib.
Məlumatda cəsədlərin kimliklərinin yaxın vaxtlarda açıqlanacağı bildirilir.
Qeyd edək ki, əvvəlki belə mübadilə avqustun 19-da baş tutub. Bu vaxt Ukrayna 1000, Rusiya isə 19 əsgərin cəsədini qəbul edib.
Xatırladaq ki, iki ölkənin nümayəndələri may və iyun aylarında İstanbulda keçirilən danışıqlar zamanı mübadilə barədə razılığa gəliblər. Rusiya Ukraynaya 6 mindən çox, Ukrayna isə 100-ə yaxın cəsədi Rusiyaya təhvil verib.