
İngiltərə Kralı III Karl ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın şərəfinə Vindzor qəsrində dövlət ziyafəti təşkil edib.
Yeniavaz.com xəbər verir ki, “The Independent” nəşri bu tədbirin sadəcə şam yeməyi deyil, minillik monarxiyanın ənənələrinə söykənən siyasi şou xarakteri daşıdığını yazıb.
Bildirilir ki, ziyafət Vindzor qəsrinin Müqəddəs Georgi zalında baş tutub. Mərasim həm orta əsr bayramlarını, həm də “Harri Potter” filmlərini xatırladıb.
Təxminən 50 metr uzunluğundakı masa boyunca 160 qonaq üçün 1 452 dəst qabdan istifadə olunub. Hər bir qonağın qarşısında altı qədəh və xüsusi ad lövhəsi yerləşdirilib. Qablar arasındakı məsafələr xətkeşlər vasitəsilə ölçülüb.
Məlumata görə, zala bəzək verən 139 şamın işığı və kral torpaqlarında yetişdirilmiş güllər tədbirə xüsusi ab-hava qatıb.
Maraqlıdır ki, əvvəllər ənənəvi olaraq bu cür ziyafətlərə dəvət olunan məşhur simalar – Devid Bekhem və Elton Con bu dəfə tədbirdə olmayıblar. Əvəzində siyasətçilər, diplomatlar, biznes və texnologiya liderləri dəvət olunublar.
Qonaqlar arasında ABŞ dövlət katibi Marko Rubio, “Apple”ın rəhbəri Tim Kuk, media maqnatı Rupert Merdok, həmçinin “OpenAI”ın rəhbəri Sem Altman olub. Tramp kral və Uels şahzadəsi Ketrin arasında oturub.
Menyu ənənəyə uyğun olaraq fransız dilində təqdim edilib. Qonaqlara “Hampshire krass” (bitki) salatı, panna-kotta (qaymaq), balqabaq içində Norfolk toyuğu balotini və Kent moruğu ilə vanil dondurması təklif olunub. İçkilər də simvolik olub: Trampın doğum ili ilə bağlı 1945-ci il portveyni, anasının doğulduğu ilə uyğun 1912-ci il konyakı və Şotlandiyanın Ayla adasından viski. Axşamın xüsusi kokteyli isə “Transatlantic Whisky Sour” (viski, limon şirəsi və şəkər siropundan hazırlanan kokteyl) olub.
Murad Məmmədov