
Joze Mourinyo Portuqaliyanın “Benfika” futbol klubunun baş məşqçisi təyin olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Hazırda baş məşqçi Joze Mourinyo ilə müqavilənin imzalanması üçün danışıqlar aparılır və müqavilənin qısa zamanda başa çatması gözlənilir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Benfika”ya bundan əvvəl Çempionlar Liqasının ümumi mərhələsinin ilk oyununda Azərbaycanın “Qarabağ” klubuna məğlub olduqdan (2:3) sonra istefaya göndərilən Bruno Laje rəhbərlik edirdi.
Xatırladaq ki, 62 yaşlı Mourinyo sonuncu dəfə Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi olub. O, sentyabrda komandanın Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi, son seçmə mərhələdə “Benfika”ya 1:0 hesabı ilə uduzduğu üçün komandadan kənarlaşdırılıb.