
“Viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarı Türkiyənin tələbləri ilə bağlı deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, Ermənistan-Türkiyə danışıqları zamanı bu məsələ müzakirə olunmayıb.
“Pasport möhürlərinə gəlincə, bu məsələ bir neçə ay əvvəl gündəmə gəlib. Bu məsələ Ermənistan-Türkiyə danışıqlarında müzakirə olunmayıb. Legitimlik amili bizim təhlükəsizlik strategiyamızın açarıdır. Biz özümüz Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi ilə ərazi bütövlüyünü və suverenliyini tanımalıyıq və tanıyırıq. Bizim dövlətimizin davamlılığını təmin edən strategiyamız var”, - deyə o bildirib.
Qeyd edək ki, sərhəd keçidlərində viza möhürlərinin dəyişdirilməsi ilə bağlı qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.
Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcək.