
Məlum olduğu kimi, Ermənistan və Azərbaycan SSRİ-dən ayrılaraq müstəqillik elan etdikdən sonra başlayan müharibəyə görə iki ölkə arasında heç bir diplomatik münasibət olmayıb.
Yeniavaz.com xəbər verir ki, diplomatik münasibətlərin olmaması səbəbilə İrəvanda Azərbaycan, Bakıda isə Ermənistan bayraqları dalğalanmır.
Lakin 1994-cü ildən sonra Ermənistanda Azərbaycan bayrağının asıldığı bir yer var. 1994-cü il mayın 12-də iki ölkə arasında Bişkek şəhərində (Qırğızıstan) atəşkəs sazişi imzalandıqdan sonra İrəvandakı “Ararat” konyak zavoduna Azərbaycan bayrağı qoyulub.
Atəşkəs sazişi imzalandıqdan sonra zavodun sexlərindən birində ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin – Rusiya, Fransa və ABŞ-nin, həmçinin Ermənistan və Azərbaycanın bayraqları qoyulub. Bayraqların qarşısında isə “Sülh çəlləyi” adlandırılan çəlləkdə konyak saxlanılır. Bildirilib ki, bu çəllək iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra açılacaq.
Qeyd edək ki, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb. Sülh sazişinin nə zaman imzalanacağı və “Sülh çəlləyi”nin nə zaman açılacağı barədə isə məlumat yoxdur.
Murad Məmmədov