ABŞ faiz dərəcələrini aşağı saldı – Manatın məzənnəsinə necə təsir edəcək?


Xəbər verdiyimiz kimi, ABŞ Federal Ehtiyat Sistemi (FED) son doqquz ayda ilk dəfə faiz dərəcələrini 4,25-4,5 faiz diapazonundan 4-4,25 faizə endirib.
Yeniavaz.com
xəbər verir ki, əksər ekspertlər bu qərarın həm qlobal maliyyə bazarlarına, həm də milli valyutalara təsirsiz ötüşməyəcəyi qənaətindədirlər.
Faizlərin azaldılması adətən dünya iqtisadiyyatına əlavə stimul kimi çıxış edir. Çünki borclanma ucuzlaşır, investorlar riskli bazarlara daha çox maraq göstərirlər. Bu isə inkişaf etməkdə olan ölkələrə kapital axınının artmasına gətirə bilər. Belə bir şəraitdə qlobal iqtisadi aktivlik nisbətən canlana bilər.
Dolların məzənnəsi baxımından faiz endirimi zəiflədici faktor kimi çıxış edir. Daha aşağı faiz investorları dollarla saxladıqları aktivləri satıb, daha gəlirli valyutalara və ya bazarlara yönəltməyə vadar edir. Bu proses dolların digər valyutalara nisbətən dəyər itirməsinə səbəb ola bilər. Zəif dollar isə neft və digər xammal bazarlarını dəstəkləyir.
Azərbaycan üçün əsas məqam məhz buradadır. Çünki zəif dollar fonunda neftin qiyməti bahalaşa bilər. Bu, ölkənin valyuta gəlirlərinin artmasına və manatın sabitliyinin möhkəmlənməsinə səbəb olacaq. Azərbaycan Mərkəzi Bankı uzun müddətdir məzənnə sabitliyini prioritet hesab etdiyindən, dolların ucuzlaşması manat üçün əlavə rahatlıq yarada bilər.
Bununla belə, riskləri də unutmaq olmaz. Əgər qlobal iqtisadiyyatda yeni qeyri-müəyyənliklər yaransa, investorlar yenidən dollara üz tuta bilər. Belə olan halda dollar sürətlə bahalaşa, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin valyutalarına təzyiq göstərə bilər.
Ümumilikdə FED-in qərarı qısa müddətdə dünya iqtisadiyyatına müsbət mesaj verir: dollar zəifləyə, neftin qiyməti arta, manat isə sabit qalmaqla möhkəmlənə bilər. Amma uzunmüddətli nəticələr dünya bazarlarında yaranacaq yeni risklərdən asılı olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top