Rüfət Babakişiyev “Bakı Kart”ın direktoru təyin edildi


Bakıda ictimai nəqliyyatda istifadə olunan "Bakı Kart"ın operatoru – "K Group" MMC-yə yeni direktor təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, MMC-nin qanuni təmsilçisi Rüfət Sənan oğlu Babakişiyev olub.
Qeyd edək ki, bir müddət əvvəl “K Group” MMC (VÖEN – 1402954871) nizamnamə kapitalının 19 milyon 299 min 999 manat 99 qəpikdən 12 milyon 525 min 9 manat 84 qəpiyə qədər azaldıldığını elan edib. Bu ilin aprel ayında da “K Group” MMC-nin nizamnamə kapitalı 23 milyon 9 manat 99 qəpikdən 19 milyon 300 min manata qədər azaldılıb. 2014-cü ildə dövlət qeydiyyatına alınan “K Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Tbilisi prospekti, ev. 49C-də yerləşir.
Məlumat üçün bildirək ki, “BakıKart”ın sahibi olan “K Group” MMC daha əvvəl “Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar, ev 3. m. 13”də qeydiyyatda olub.
“K Group” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda “GMSA” MMC (VÖEN – 1402774731) adlı daha bir şirkət qeydiyyata alınıb. “K Group” MMC ilə eyni vaxtda – 2014-cü ildə dövlət qeydiyyatına alınan bu şirkətin qanuni təmsilçisi isə ləğv olunan Bakı Nəqliyyat Agentliyinin (BNA) keçmiş rəhbəri Kərimli Vüsal Ağaməmməd oğlu olub.
Onu da qeyd edək ki, hazırda “K Group” MMC-nin nizamnamə kapitalında ölkənin aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”in də payı var.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top