
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il müddətə azadlıqdan məhrum edilib.
Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib. İş üzrə onun oğlu hüquqi varisi kimi tanınıb.
Fuad Məmmədovun Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə təqsirləndirildiyi cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.