
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri İsrailin Tel-Əvivdəki obyektinə hipersəs ballistik raket atdığını iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya məlumat yayıb.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək, İsrail düşməninin Yaffanın (Təl-Əviv) işğal olunmuş bölgəsində mühüm obyektinə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədinə uğurla nail olub”, - hərəkat nümayəndəsi bildirib.
Sariya həmçinin üsyançı qüvvələrin İsrailin cənubundakı Eylat şəhəri yaxınlığında yerləşən Ramon hava limanına pilotsuz təyyarələrlə hücum etdiyini iddia edir. Hər iki hücum İsrail təyyarələrinin Yəmənin Hodeyda limanına yeni zərbələr endirməsindən qısa müddət sonra baş verib.