
Əfqanıstanda hakim “Taliban” hərəkatının lideri Hibətullah Axundzadə “əxlaqsızlığın qarşısını almaq” üçün əyalətlərdən birində “Wi-Fi”ı qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” administrasiya rəsmisinə istinadən məlumat yayıb.
Bu, “Taliban” 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra ilk belə qadağadır. Bu qərara görə, mobil internet işləməkdə davam etsə də, ölkənin şimalındakı Bəlx əyalətində dövlət qurumları, özəl sektor, dövlət idarələri və yaşayış binaları “Wi-Fi”dan məhrum olub.
Əyalət hökumətinin sözçüsü Hacı Attaullah Zayed bildirib ki, lider Axundzadənin göstərişi ilə Bəlxdə artıq kabel interneti yoxdur:
“Bu tədbir əxlaqsızlığın qarşısını almaq üçün atılıb və ehtiyacları ödəmək üçün ölkədə alternativ hazırlanacaq”.
Nəşr qeyd edib ki, Əfqanıstan hakimiyyəti təhlükəsizlik səbəbi ilə bəzən mobil interneti dayandırır. Bu, adətən dini bayramlarda partlayıcı qurğuların işə düşməsinin qarşısını almaq üçün edilir.