
İsrail Qəzzaya nəzarəti tam ələ keçirmək məqsədi ilə genişmiqyaslı hücum əməliyyatı başladıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı İsrail rəhbərliyindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə mane olmaq niyyətində deyil.
Mənbələrin “Axios”a verdiyi məlumata görə, ABŞ dövlət katibi Marko Rubio yəhudi dövlətinin baş naziri Benyamin Netanyahuya Vaşinqtonun quru əməliyyatı dəstəklədiyini, lakin onun tez bir zamanda həyata keçirilməsini və mümkün qədər tez başa çatdırılmasını gözlədiyini deyib.
“Ynet” portalının məlumatına görə, İsrail 20 dəqiqə ərzində vertolyotlar da daxil olmaqla Qəzza şəhərinə 37 zərbə endirib.
Qeyd olunub ki, İsrail ordusu dron və helikopterlərdən istifadə edib, həmçinin artilleriya atəşi açıb. Nəşr yazır ki, şəhər sakinləri hücuma məruz qalan ərazilərdən kütləvi şəkildə evakuasiya edilir.
WAFA agentliyinin həkimlərə istinadən verdiyi məlumata görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ən azı 62 nəfər həlak olub.