
Türkiyə əsilli Sinan Selen ölkədə əks-kəşfiyyat funksiyalarını yerinə yetirən Konstitusiyanın Müdafiəsi Federal İdarəsinin (BfV) yeni rəhbəri təyin olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti Xristian Demokrat və Xristian Sosial İttifaqlarının, həmçinin Almaniya Sosial Demokrat Partiyasının parlament fraksiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt sentyabrın 15-də Selenin təyinatı barədə BfV əməkdaşlarına məlumat verəcək.
O, hazırda idarənin rəis müavini vəzifəsini tutur. Əks-kəşfiyyatın əvvəlki rəhbəri Tomas Haldenvanq 2024-cü ilin sonunda Bundestaq (parlament) deputatlığına namizədliyini irəli sürmək üçün vəzifəsini tərk edib, lakin o, parlamentə keçə bilməyib.
Qeyd edək ki, BfV 75 il əvvəl yaradılıb. İdarənin 4,2 minə yaxın əməkdaşı var. Onun əsas vəzifələri əks-kəşfiyyat fəaliyyətləri, Almaniyada azad və demokratik nizam təhlükə yaradan təşkilatlara və şəxslərə nəzarətdir.
Xatırladaq ki, Selen 1972-ci ildə İstanbulda anadan olub. Valideynləri “Deutsche Welle” media qrupunun (DW) jurnalistləri o, dörd yaşında ikən Almaniyaya mühacirət ediblər.
Selen Köln Universitetində hüquq təhsili alıb. Daxili İşlər Nazirliyində və Federal Cinayət İdarəsində işləyib.
2019-cu ilin yanvar ayından BfV rəhbərinin müavini vəzifəsini icra edir.