
Vyanada Şəkərli Diabetin Tədqiqi üzrə Avropa Assosiasiyasının illik konfransında təqdim olunmuş yeni araşdırma göstərib ki, siqaret çəkmək, onun hansı alt növü olmasından asılı olmayaraq, 2-ci tip diabetin inkişaf riskini artırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb.
Bildirilib ki, İsveç, Norveç və Finlandiyadan olan alimlər siqaret çəkməyin , həmçinin əvvəllər çəkməyin diabetin müxtəlif alt növlərinə necə təsir etdiyini öyrəniblər:
SIRD (ağır insulinrezistent);
SIDD (ağır – insulin çatışmazlığı ilə);
MOD (orta ifadə olunan, piylənmə ilə bağlı);
MARD (orta – yaşla bağlı).
Araşdırmaya 2-ci tip diabetli təxminən 3325 nəfər və nəzarət qrupu kimi 3900-ə yaxın iştirakçı daxil edilib. Müşahidələr Norveç və İsveçdə uzunmüddətli izləmə ilə aparılıb (orta davametmə müddəti – 17 il). Təhlil göstərib ki, həm keçmiş, həm də hazırkı siqaret çəkənlərdə bu dörd alt növün hər birinin inkişaf riski heç vaxt siqaret çəkməyənlərlə müqayisədə daha yüksək olub.
Risk ən çox SIRD alt növü üçün artıb: siqaret çəkənlərdə bu növlə xəstələnmə ehtimalı siqaret çəkməyənlərlə müqayisədə 2,15 dəfə yüksək olub. SIDD, MOD və MARD alt növləri üçün risk müvafiq olaraq 20%, 29% və 27% artıb.
Bundan əlavə, çox siqaret çəkmək riski daha da yüksəldib: SIRD üçün – 2,35 dəfə, SIDD, MOD və MARD üçün isə müvafiq olaraq 52%, 57% və 45% artım müşahidə olunub.
Alimlər müəyyən ediblər ki, 2-ci tip diabetə genetik meyli olan insanlar, xüsusilə insulin sekresiyasının azalması ilə bağlı, intensiv siqaret çəkdikdə daha yüksək risk altındadırlar. Məsələn, çox siqaret çəkmək və insulin sekresiyasının pozulmasına yüksək genetik riskin birgə təsiri bu faktorlar olmayan insanlarla müqayisədə SIRD inkişafı ehtimalını 3,5 dəfədən çox artırır.
Qeyd olunub ki, siqaret çəkmək 2-ci tip diabetin bütün alt növləri üçün əhəmiyyətli risk faktorudur, lakin xüsusilə ağır insulinrezistent alt növün inkişafına daha güclü təsir göstərir. Bu isə xəstəliyin profilaktikasında siqaretdən imtinanın vacibliyini, həmçinin siqareti buraxmaqda əlavə dəstəyə ehtiyacı olan insanları müəyyənləşdirmək üçün genetik məlumatdan istifadənin imkanlarını ortaya çıxarır.